AzQAC-nin Sağlamlıq və Qayğı Şöbəsi , könüllü Sağlamlıq qrupu "Green Team" ilə görüşü keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-nin Sağlamlıq və Qayğı Şöbəsi , könüllü Sağlamlıq qrupu "Green Team" ilə görüşü keçirilib
 The Health and Care Department of the AzRCS held a meeting with the voluntary health group "Green Team"

6 fevral 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və Qayğı Şöbəsi könüllü Sağlamlıq qrupu – Green Team – ilə görüş keçirilib. Görüşün məqsədi sağlamlıq sahəsində yeni tendensiyaları müzakirə etmək, könüllülərin fəaliyyətini daha səmərəli təşkil etmək və onların bilik və bacarıqlarını artırmaq idi.

Görüş zamanı Sağlamlıq və Qayğı Şöbəsinin müdiri Əminə Cabbarova sağlamlıq sahəsində müasir yanaşmalar və inkişaf istiqamətləri haqqında çıxış edib. O, müxtəlif ölkələrin uğurlu təcrübələrini iştirakçılarla bölüşərək, xüsusilə qeyri-infeksion xəstəliklərin idarə olunmasının əhəmiyyətini vurğulayıb. Əminə Cabbarova qeyd etdi ki, sağlam həyat tərzinin təbliği və profilaktik tədbirlərin gücləndirilməsi səhiyyə sisteminin əsas prioritetlərindən biri olmalıdır.

Daha sonra sağlamlıq könüllüləri qeydiyyat formalarını dolduraraq "Könüllülər üçün Təlimat Vəsaiti" ilə tanış olublar. Bu vəsait onların fəaliyyətini istiqamətləndirmək və sağlamlıq sahəsində maarifləndirmə işlərini daha effektiv həyata keçirmək üçün hazırlanıb. Qrupun üzvlərinin əksəriyyətini məktəblərdə və poliklinikalarda çalışan həkimlər təşkil edir. Onlar bildirdilər ki, artıq ölkəmizdə məktəb həkimləri yuxarı sinif şagirdlərinə sağlam həyat tərzi ilə bağlı dərslər keçməyə başlayıblar.

Görüşdə çıxış edən Mətanət Qaraçxanova könüllülərlə maarifləndirmə işinin inkişafı və onun daha geniş auditoriyaya çatdırılması məsələləri ətrafında müzakirələr aparıb. O, xüsusilə gənclər arasında sağlamlıq mövzusunda maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Əminə Cabbarova səhiyyə sektorunda inklüziv yanaşmanın əhəmiyyətindən danışaraq tibbi xidmətlərin hər kəs üçün əlçatan olmasının vacibliyini qeyd edib.